02 oktyabr 2018-ci tarixində “MilliKart” MMC-nin 12 yaşı tamam oldu

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” prosessinq mərkəzi yaradıldı. Ölkədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi, eyni zamanda rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə 18 bankın təşəbbüsü ilə “MilliKart” MMC təsis edildi və hal-hazıradək fəaliyyətini kart prosessinq mərkəzi kimi davam etdirir.

“MilliKart” Azərbaycanda təkcə banklara deyil, həmçinin bank olmayan kredit təşkilatları, investisiya və sığorta şirkətlərı, provayderlər və aqreqatorlar kimi maliyyə bazarının iştirakçılarına, həmçinin prosessinq texnologiyalarına əsaslanan həllərə ehtiyacı olan bazarın bütün iştirakçılarına geniş çeşidli maliyyə dəstəyi verən Azərbaycanın ən böyük prosessinq strukturlarından biridir.

Ölkənin maliyyə və iqtisadi sektorlarının, həmçinin ödəniş ekosisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının icrasında yaxından iştirak edən MilliKart, bu sahədə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq etməkdə davam edir. Bunun sayəsində MilliKart öz strateji kursuna sadiq qalaraq, keyfiyyətli və innovativ xidmətlərin əldə edilməsində maraqlı olan istehlakçıların tələblərini maksimal dərəcədə təmin etmək məqsədilə, maliyyə bazarının bütün tərəfdaş-iştirakçıları və ticarət-servis müəssisələri ilə əməkdaşlıq üçün hazır və açıqdır.

Hazırda “MilliKart”-ın nizamnamə kapitalında iştirak edənlər: “Urbis Holding İnc.” şirkəti, “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC , “Para BOKT” ASC, “UniBank KB” ASC, “AtaBank” ASC, “Texnikabank” ASC, “Amrahbank” ASC, “Bank Standard KB” QSC, “KredoBank” ASC, “Azər-Türk Bank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Bank of Baku” ASC, AccessBank” QSC, “XalqBank” ASC, “Zaminbank” ASC.