Ölkədə nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən sistemli tədbirlərdən biri, bu həftə «Vergilər» qəzetinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda nağdsız ödəniş sisteminin inkişafı perspektivləri” mövzusuna aid «dəyirmi masa» olmuşdur.

Tədbir zamanı biznes və maliyyə-təsərrüfat sistemində şəffaf mexanizmlərin tətbiqinin zərurəti, ölkədə nağdsız dövriyyənin genişləndirilməsi sahəsində son illər ərzində əldə olunan müsbət nəticələr, həllini gözləyən problemlər, eləcə də qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.

“Dəyirmi masa”-da “MilliKart” Prosessinq Mərkəzinin Əməliyyat şöbəsinin rəisi İlqar İbrahimov nağdsız dövriyyənin genişləndirilməsində kart bazarının rolu haqqında ətraflı məlumat vermişdir. Çıxış zamanı nağdsız ödəniş sisteminin yaranması, sistemin ölkə iqtisadiyyatının inkişafı ilə sıx şəkildə bağlılığı, yeni nağdsız ödəmə vəsaitlərinin meydana çıxması, “MilliKart” prosessinq mərkəzinin nağdsız ödənişlərin inkişafı istiqamətində ən müxtəlif texnoloji həllərin təklif etməsi – vurğulanmışdır.

«Dəyirmi masa»nın təşkilində məqsəd Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə nəzər salmaq, müzakirələr aparmaq, qarşıda duran vəzifələri, eləcə də problemlərin obyektiv şəkildə göstərilməsi olmuşdur.